15 Şubat 2016 Pazartesi

Ağır illər

1993-cü ilin əvvəlləri. Prof. H.Əzimov LDU-nun rektoru idi. Yeni təsis etdiyi Vahid Azərbaycan Milli Birlik Partiyasının sıraları o zaman tələbələrin hesabına daha çox genişlənirdi. Regionda vəziyyətin mürəkkəb olmasına baxmayaraq, rəhbərlik etdiyi Universitetdə təhsilin səviyyəsi çox yüksək idi. Şəffaf təhsil mühiti vardı, rüşvətlə qiymət almaq istəyən tələbələrə rast gəlməzdik.

Yadımdadır, yanvar ayının 18-də N.Vəzirov adına Dram Teatrında Universitetin açılış mərasimində millət vəkili Sabir Rüstəmxanlının çıxışı coşqu ilə qarşılandı. Tanınmış alimlərin, ziyalıların çıxışı kulturoloji mərkəzə çevrilmiş Lənkəran üçün böyük bir tarixi hadisə idi. Az sonra H.Əliyevin hakimiyyətə gəlişi Lənkəranda da sevinclə qarşılandı. Lakin bu, hələ məsələnin tam həlli demək deyildi. Universitetdə dərs deyən bəzi yerli müəllimlər də H.Əzimovun ətrafında sıx birləşir, separatçı qüvvələrin fəaliyyətini pisləyir, tələbələri onların çağırışlarına uymamağı tapşırırdı. Bəzi yerli müəllimlər isə prosesi gərginləşdirməyə, soyuqluq yaratmağa gizli şəkildə cəhd göstərirdi.

Prof. Əlisa Şükürlünün dərsləri böyük-səs küyə səbəb olurdu. Səbəb də bəlli idi. Tədris etdiyi fənnin adı "Orxon-Yenisey abidələrinin dili" adlanırdı. Universitetin əsas tələbə kontingentini yerli tələbələr təşkil etdiyindən aralarında radikal talışçılıq ideyasını yayanlar da az deyildi. Belə bir vəziyyətdə elm ocağına məkrli niyyətlərlə gələnləri düz yola yönəltmək üçün Hacıbaba müəllim çox iş gördü.
Məncə, H.Əzimovun bu istiqamətdə fəaliyyətini danmaq ədalətsizlikdir. Onun böyük tarixi xidmətlərindən biri cənub bölgəsində universitet təsis etməsi idi.

Bölgə gənclərinin, xüsusilə talış uşaqlarının elmə gəlməsi, qızların təhsilə cəlb olunmasında onun misilsiz rolu oldu, baxmayaraq ki, kadr çatışmazlığı var idi. Bakıdan ən seçmə alimlər cəlb olunurdu ki, təhsilin səviyyəsi yüksək olsun. O zaman keçid ballarının aşağı salınmasında əsas məqsəd uşaqları təhsilə cəlb etmək, mövhumatın aradan qaldırılmasına nail olmaq idi. Bu hal bölgədə gənclərimizin başqa yollara düşməsinin müəyyən qədər qarşısını aldı.

Talış tələbə dostlarımız bizi doğulub-böyüdüyü kəndlərə qonaq aparır, görməli yerlərlə tanış edir, onların nə qədər mehriban, qonaqpərvər olduqlarının şahidi olurduq. O zaman bölgədə müəyyən qüvvələrin süni şəkildə yaratdığı siyasi gərginlik bizim mehribanlığımızı, birliyimizi  poza bilmədi. Hər kəs bilir ki, vətənə, dövlətə xəyanətin bədəli ağır olur. Bu bir haşiyədir bəlkə də. Yəni, bizlər ən çətin anlarda belə bir olmuşuq, heç bir dedi-qoduya uymamışıq. 
Gecə kirayə qaldığımız otağa 3 nəfərin qəfil "hücumu" yaxşı yadımdadır. Əllərində bir büküm "Talışo-sədo" qəzeti vardı. Həmin qəzetə və təşkilatlarına üzv olmağımızı, onları müdafiə etməyimizi istəyirdilər. Sifarişlə gəldikləri şübhəsiz idi. Çünki biz onların fəaliyyətini qorxmadan, cəsarətlə tənqid və ifşa edirdik. 
Saytlarda, sosial şəbəkələrdə insanları çaşdıran, türkə nifrət hissi aşılayan, millətimizi və dövlətimizi gözdən salan təbliğat və təxribat dolu çıxışlar edən kifayət qədər zərərli materiallar yer alıb. Dişində şirə qalmış həmin qüvvələr belə təbliğat aparırlar ki, guya talışlar separatçılıq etmir, "muxtariyyət" tələb edirlər. Bu xülya ilə saxta və "cəlbedici" yazılar yayır, özləri üçün xəritələr cızıb qondarma sərhəd müəyyən edirlər. Kövrək və naşı gənclərimizin beynini yuyurlar. Onların siması sosial şəbəkələrdə daha aydın görünür. Məsələn, tərəfdarları sosial şəbəkələrdə M.Səfərova yazır: "Minnətdarıq ki, siz talış adını 20 ildən sonra yenidən dövriyyəyə qaytardınız". Əslində çox ciddi ürəkbulandıran faktdır. Belə çıxır ki, Səfərov Milli Şuraya deyildiyi kimi talışları "dövriyyədə saxlamaq" üçün göndərilib?

Bəzi şəxslər bölgədə milli ayrıseçkilik, etnik qarşıdurma yaradır, qonşu rayonlara qarşı ərazi iddiaları irəli sürür, yerli sakinləri, ziyalıları aşağılayırlar.
Bu gün bəzi insanların prof. H.Əzimovu ittiham etməsi başa düşülən deyil. H.Əzimov məhz həmin talışların edə bilmədiyi elə bir xeyirxahlığa imza atıb ki, bunu ancaq korlar, nadanlar görməyə bilər.

Kiçik bir haşiyə. O vaxt humanitar sahənin uşaqları ilə çox isti münasibətimiz vardı. Öz tələbə dostlarıma siyasi fəaliyyətlə məşğul olmamağı tövsiyə edirdim. Deyirdim ki, biz bura təhsil almağa gəlmişik, auditoriyalarda siyasi söhbətlər olmamalıdır, kim partiyaya üzv olursa, gedib qıraqda üzv olsun, bura təhsil ocağıdır. Bu fikrimi dərhal Əzimova çatdırırlar. Mühazirənin ən maraqlı yerində xəbər gəldi ki, səni rektor çağırır. Getdim. Onun yarızarafat, yarıciddi atmacalarına, duzlu ifadələrinə təkcə mən yox, bütün tələbə-müəllim kontingenti örəncəli idi. Duzlu replikasından xoşhal olmadığımı görüb bayram tədbiri ilə bağlı yazdığımız ssenariyə və çıxışa görə ayırdığı pul mükafatını göstərib dedi: "Tədbirlərin keçirilməsində yaxından iştirak edirsən, ancaq tələbələrin partiyaya üzv olmasına müdaxilə etməsən yaxşıdır. Biz universitetdə siyasi fəaliyyətlə məşğul olmuruq. Tələbələri bu partiyaya cəlb etməkdə məqsədimiz var. Bu partiyanın adı Vahid Azərbaycan Milli Birlik Partiyasıdır. Milli birliyimizi pozan, bu birliyə mane olan çoxlu qüvvələr var. Biz bu partiyanı xüsusilə cənubda milli-ideoloji sahədəki boşluqları doldurmaq, birliyimizi qorumaq və təbliğ etmək üçün yaratmışıq".

Bu, yadımda qalan epizodlardan biridir. Mən sonralar onun bu işdə nə qədər səmimi olduğunun şahidi oldum. Hər halda gördüyüm və haqqında eşitdiklərim bunu deməyə əsas verir. O, sözügedən universitet tədbirlərində milli birliyə əsaslanan aktual çıxışlar edir, H.Əliyevin dövlətçiliyimiz üçün gördüyü işləri tədbir iştirakçılarına çatdırır, çəkinmədən separatçıları ifşa edirdi. Bir tərəfdən əhalinin H.Əliyevə böyük inamı, bir tərəfdən Qarabağda gedən müharibə, gələn şəhidlər, bir tərəfdən də separatçıların məkrli planları və vətəndaş müharibəsi.

Ölkənin ən ağır vaxtlarında separatçıların Vətənə xəyanətindən - xəcalət dolu hadisələrdən 20 ildən artıq vaxt keçir. Mənə elə gəlirdi ki, çox üzücü və ağılasığmaz həmin hadisələrdən aldadılmış adamlar bir ibrət dərsi götürəcək, doğru yola qayıdıb dövlətçiliyimizə sadiq olacaqlar.

Çox təəssüf ki, bəziləri hələ də "xanlıq" amalı ilə yaşayır. Əksinə, keçən 20 ildə bəzi qüvvələr özlərini qara ləkədən təmizləmək əvəzinə, bir qədər də irəli gedərək "Azərbaycanlılar talış xalqını soyqırım edir" şüarları ilə ayrı-ayrı şəbəkələrdə beyinləri zəhərləməyə,  yenə xalqlarımızı üz-üzə qoymaq istədilər, hətta Vətən xainlərini "şəhid", "milli qəhrəman" səviyyəsinə qaldırdılar.

Mənə elə gəlir ki, həmin şəxslərin öz fəaliyyət və niyyətlərinə düzəlişlər etməsinə ciddi ehtiyac var. Bu gün elmi-tədqiqat institutlarında talış dililə bağlı şıdırğı araşdırmalar aparılır, bölgənin etnoqrafiyası, folkloru öyrənilir və s. Odur ki, sosial şəbəkələrdə, digər elektron yazı vasitələrində etnik azlıqların dillərinin sıxışdırılması ilə bağlı yayılan məlumatlar tamamilə əsassızdır. Dilimizə, tariximizə, milli-mənəvi dəyərlərimizə bu qədər aşırı nifrət və kini anlamaq olmur. Arxiv materiallarına baxsaq, görərik ki, hələ 1800-cü ildən bu yana hər kənddə bir, ya da iki ailə olub.  5 əsr o tərəfə keçsəniz, neçə ailə tapacaqsınız? Şübhəsiz ki, birliyimizə xələl gətirən niyyətlər heç vaxt baş tutmayacaq, necə ki, xaricdəki havadarlarının diktəsilə hərəkət edən həmin beş-altı adam da bunu yaxşı anlayır. Həmin insanların talış xalqının arzu və istəklərinə heç aidiyyatı yoxdur.

İnanıram ki, bu çağırışlarımız dövlətimizi, millətimizi gözdən salmaq istəyənlərə bir cavab olacaq və həqiqi ziyalılarımız cənub bölgəsini növbəti dəfə gözdən salmaq istəyən həmin gerizəkalı insanlara “dur!” deyəcək,  dövlətimizin sərt addımlar atmasına ehtiyac olmayacaq.

Hiç yorum yok:

Yorum Gönder