14 Şubat 2016 Pazar

Termin yaradıcılığı haqqında


Milli termin yaradıcılığının ədəbi dilə əsaslanması şübhəsiz ki, terminlərin asan başa düşülməsinə, tələffüzünə və tez yadda qalmasına xidmət edir. Ayrı-ayrı sahələrdə olan yeniləşmə dildə də yeni anlayış və məfhumların adlanmasına səbəb olur.
B.Çobanzadə yazır ki, elmin vətəni yoxdur, insan fikirləri arasında beynəlmiləl, cahani olaraq doğulan birinci əsər elmdir. Dünyanın hər yerində faydalı və doğru olmayan fikir elm sayıla bilməz. Bu elmin dili cahani və beynəlmiləl olmalıdır. Bugünkü elmlərdə isə cahanilik dildə də özünü göstərməkdədir.
Müasir dövrdə terminoloji leksikanın zənginləşməsi prosesi daha sürətlə gedir. Çex dilçisi K.Soxovun hesablamalarına görə, müasir dünya dillərində meydana gələn yeni sözlərin 90%-ni terminlər təşkil edir. Bu, hər şeydən öncə, ayrı-ayrı sahələrdəki yeniləşmənin dildə təzahürü ilə bağlıdır.
1926-cı ildə keçirilmiş türkoloji qurultayda türk dillərinin terminoloji məsələlərinin müzakirəsi zamanı qeyd olunurdu ki, yeni anlayışları adlandıran terminlərin yaranması üçün türk dillərinin müraciət etdiyi üç əsas baza mövcuddur. Bunlardan biri ümumtürk, ikincisi ərəb-fars, üçüncüsü isə Avropa dilləri bazasıdır. İndi vəziyyət xeyli dəyişib, söhbət iki bazadan, yəni ümumtürk və Avropa dilləri bazasından gedir.
Yeni terminlərin yaradılması üçün Azərbaycan dili hər cür imkanlara malik olsa da, diqqət nədənsə dilin daxili imkanlarından çox, alınma sözlərə yönəldilir. Söhbət ümumişlək sözlərin, qədim abidələrimizdə, dialekt və şivələrimizdə işlənən dialektizmlərin və ədəbi dilin söz yaradıcılığı üsullarından istifadə etməklə sözlərin terminləşməsindən gedir.
Azərbaycan dilində terminlərin yaradılması və zənginləşdirilməsi dedikdə bu dilin özünəməxsus müstəqil söz yaradıcılığı prosesi başa düşülməlidir.
Akademik M.Şirəliyev də xalq dilini termin yaradıcılığında əsas mənbə hesab edirdi: “Canlı xalq dilində, onun lüğət tərkibində həyat və məişət, adət və ənənə, təsərrüfatçılıqla bağlı istənilən qədər sözlər yaşamaqdadır. Ədəbi dildə isə bunların əvəzində alınma sözlər işlənir”. Əlbəttə, bu istiqamətdə problemlər hələ də qalmaqdadır. Milli söz və şəkilçilərimiz ola-ola, ehtiyac olmadan alınmalarla dili ağırlaşdırırıq.
Orta əsrlərdə ana dilimizin inkişafından söz düşəndə öncə göz önünə klassiklərimiz gəlir. Bu gün həmin missiyanı kütləvilik baxımından ədəbi dilin publisistika qanadı yerinə yetirir. Ancaq necə? Çağdaş mətbuatda dil sorunları daha çox nitq mədəniyyətsizliyi ilə müşayət olunur. Məsələn, Milli Məclis əvəzinə kimsə “deputatxana” ifadəsi işlədirsə, demək, Millət Məclis anlayışı həmin şəxsin düşüncəsinə yaddır.
Y.V.Çəmənzəminlinin fikrincə, dil axtaran gərək camaat arasında gəzsin, dolaşsın, öyrənə bilsin. Əsil dilimiz elimiz içində danışılmaqdadır. Heç şübhəsiz ki, müəllif italyansayaq küçə dilini nəzərdə tutmayıb.
S.Sadıqova da yazır ki, əgər biz elmi dilimizi inkişaf etdirmək istəyiriksə, xalqın dilində olan zəngin lüğət ehtiyatını toplamalı, ondan termin yaradıcılığında hərtərəfli istifadə etməliyik. Bu fikir sanki keçən əsrin əvvəllərində deyilib: axı xalq dilindəki zəngin söz ehtiyatı hələ keçən əsrin 20-30-cu illərindən toplanmağa başlanıb, bu istiqamətdə çox sanballı əsərlər yazılıb, dialektoloji lüğətlər çap olunub! Qalır həmin lüğətlərdən termin yaradıcılığında istifadə etmək!
Azərbaycan dili omonimlik və çoxmənalılıq baxımından dünyanın ən zəngin dillərindən biridir. Omonimlik dilin qədimliyindən və qədimliyin saxlanılmasından xəbər verir. Sinonimlərlə zəngin olan dillər isə daha çox assimilyasiyaya uğrayır, yad dil etkisi ilə üzləşir.
Oxucu üçün tam aydın olsun deyə terminlərlə bağlı bir qədər ətraflı qeyd edək.
Azərbaycan dilinin daxili imkanları əsasında terminlər yaradarkən aşağıdakı üsullardan istifadə edilir:
1) Semantik üsul
2) Morfoloji üsul
3) Sintaktik üsul
4) Kalka üsulu
5) Sözlərin ixtisarı və qısaldılması (abreviaturalar)
Qısa şərhlə kifayətlənirik:
1. Semantik üsulda sözün semantik yükü artır, yəni məna genişlənir. Məsələn, ağıl, bölmə, daraq, qüvvə, yuva, güc, ailə, başlıq, yaddaş və s. Dilimizdə belə sözlərin sayı minlərlədir. Belə terminlər semantik konversiya yolu ilə yaranır.
2. Morfoloji üsul daxili imkanlar hesabına söz–termin yaratmada ən məhsuldar paya malikdir. Azərbaycan dilinin termin yaradıcılığını morfoloji üsulsuz (şəkilçilərsiz) təsəvvür etmək mümkün deyil. Çox təəssüf ki, termin yaradıcılığında bu üsuldan yetərincə faydalanmırıq. Şəkilçilər söz yaradıcılığında milliliyi təmin edir. Məsələn, çeşmək, eynək və gözlük sözlərinə diqqət edək: çeşm (fars) və eyn (ərəb) sözləri sonradan göz sözü ilə paralel şəkildə işlənsə də, morfoloji üsul, yəni dilin daxili gücü həmin sözləri assimilyasiyaya uğradaraq (çeşm-ə-k, eyn-ə-k) milliləşdirə bilib. Bu fakt dilin mühafizəkarlığından, güclü olmasından xəbər verir.
3. Sintaktik üsulla termin yaradıcılığı iki və daha artıq sözün birləşərək mürəkkəb söz və söz birləşməsi şəklində elmi anlayış ifadə etməsidir. Məsələn, yetərsay, yaddaş qurğusu, izafət birləşməsi, sürət qutusu və s.
4. Terminoloji sistemin zənginləşməsində kalka üsulu ilə söz yaradıcılığının da mühüm əhəmiyyəti var. Kalka - hərfi tərcümə yolu ilə yad dildən alınmış ifadənin qəlibi, struktur eyniliyi əsasında yaranır. Tərcümə prosesində elə terminlər olur ki, ya onları çevirmək münasib, ya da mümkün olmur. Bu zaman həmin terminlər olduğu kimi saxlanılır. Olduğu kimi saxlanılan terminlər beynəlxalq termin kimi qəbul edilir. Buna görə də dili beynəlxalq terminoloji leksikanın təsirindən sona qədər qorunmaq mümkün deyil. Örnək üçün Türkiyə türkcəsində işlənən bəzi dilçilik terminlərini gözdən keçirək: qrammatika (dilbilgisi), dilbilimci (dilşünas, dilçi), sinonim (eş anlamlı), antonim (zıt anlamlı), fonetika (səsbilim), sintaksis (sözdizimi) və s. Türkiyədə alınmalara və hətta bizim ehkam kimi qəbul etdiyimiz beynəlmiləl (uluslararası) terminlərə qarşı 80 ildir ki, çaba göstərilir, bəzən bizim üçün süni görünən dil faktları onlar üçün tam doğaldır.
5. Terminlərin yaradılması üsullarından ən yenisi və az işlənəni abreviaturlaradır. Bu üsul digər üsullardan forma və məzmunca xeyli fərqlənir. Abreviatura üsulu ayrı-ayrı terminoloji sistemlərdə sözə qənaət edilməsinə, çoxsözlülüyün konkret terminlərlə əvəzlənməsinə xidmət edir.
Son illər başqa dillərdən təkcə ixtisas leksikasına deyil, habelə məişət leksikasına xeyli sayda abreviatur terminlər daxil olub. Lakin əksər abreviaturaların mənası dil daşıyıcıları üçün çox zaman aydın olmur. Məsələn, KAMAK/CAMAK (Computer Application for Measurement and Control). Bu məsələyə orfoqrafiya qaydalarında aydınlıq gətirilməli, milli hərfi ixtisarlarla alınma və beynəlxalq ixtisarların mahiyyəti istifadəçilər üçün aydın olmalıdır. Axı termin - sözdən fərqli olaraq - kontekstdən asılı olmur, o, hər yerdə neytral və xüsusi funksiya daşıyır. Məsələn, ixtisas leksikasında “ANS” dedikdə avtomatik nəzarət sistemi, məişət leksikasında isə telekanal adı kimi başa düşülür.
Qarışıq və heca-termin ixtisarlarında vəziyyət daha acınacaqlıdır. Bu problemi aradan qaldırmaq üçün məişət və ixtisas leksikasında işlənən abreviaturaların lüğəti hazırlanmalıdır.

Hiç yorum yok:

Yorum Gönder