14 Şubat 2016 Pazar

Əndirəbadi sözlər

Dilimizdə əndirabadi sözləçoxdur.  Əndirabadi sözünü götürək; sözlüyümüzdə yoxdur, amma tez-tez işlədirik. Bir neçə yazılış formasına rast gəlmək olur: endirabadi,  andirabadi, əndirabadi, əndirəbadi. Sabah bu sözü kimsə Andi Rabadi kimi də yaza bilər.

Hələlik iki əndirəbadi sözdən danışmaq istəyirəm: kəndçi və biabırçı. Əndirəbadi sözündən fərqli olaraq, bu iki əndirəbadi sözə sözlüyümüzdə rast gəlirik. Azərbaycanda 4000-dən çox kənd var. Məgər kənddə yaşayan adama kəndçi deyilməlidir?

İzahlı sözlükdə kəndçi sözünün mənası belə açıqlanır: “Kənddə yaşayan və əsas peşəsi kənd təsərrüfatı olan adam; kənd əhli, kəndli. Kəndçi qız. Kəndçi paltarı”.

Sözün özü kimi izahı da qüsurludur. Kəndli qız söz birləşməsi ilə “kəndçi qız” birləşməsi arasında çox ciddi fərqi hər kəs görür. Bütün kəndli qızlar “kəndçi” olmadığı kimi, bütün “kəndli paltarı” da “kəndçi paltarı” demək deyil. Hansısa səbatsız bir yazıçının nə vaxtsa dilimizə belə bir söz gətirməsi kəndlərimizdə yaşayan əhalini lağa qoymaq, aşağılamaq məqsədi daşıyıb. Bu, təxminən Sovet dövündəki “çuşka” məsələsinə bənzəyir. Bu azmış kimi, kəndliyə “kəndoş”, “kəntoş” da deyirlər.

Qəribəsi budur ki, bu gün həmin sözləri gen-bol işlədirlər. Dildən- düşüncədən “türkün sözü” kimi bu cür artıq ifadələri qaşıyıb atmaq gərəkdir.

Əndirabadi sözlərdən biri də “biabırçı” kəlməsidir. İzahı belədir: “Rüsvayedici, eyib gətirən, adbatıran, utanılacaq. Biabırçı hərəkət”.

Bu sözün qondarma bir kəlmə olduğunu sübut etməyə ehtiyac yoxdur. Fars mənşəli -bi şəkilçisi isimlərin əvvəlinə gətirildikdə inkar və yoxluq mənasında sifət düzəldir və dilimizdə dörd cür yazılan -sız şəkilçisinin ekvivalenti kimi çıxış edir. Məsələn, ədəbsiz əvəzinə biədəb, insafsız əvəzinə biinsaf, vəfasız yerinə bivəfa və s. Bu məntiqlə biədəb, biinsaf və bivəfa sözlərindən biədəbçi (söz), biinsafçı (qız), bivəfaçı (yar) söz birləşmələri də düzəldilməliydi. Bu, mümkün deyilsə, dildə-düşüncədə yoxdursa, deməli, saxta, qondarmadır.


Dilimizdən və sözlüyümüzdən bu cür qondarma sözlər çıxarılmalıdır.

Hiç yorum yok:

Yorum Gönder