
Əriş
- ədəbi
dilimizdə, eləcə də dialekt və şivələrimizdə ən geniş yayılmış toxuculuq
terminləridən biridir. Əriş üçün əyrilmiş ip mütləq möhkəm olmalı, ərişin
hanaya tarım çəkilməsi və xalçanın toxunması prosesində əriş üzərinə vurulan
ağır həvələrin zərbəsinə duruş gətirməlidir. Əriş üçün hazırlanan ip 2-3 qat
olub, bərk eşilməlidir. Bu söz M.Qaşqarlının əsərində “ariş”, özbək dilində
“uriş”, türkmən dilində “erış” şəklində işlənir (4, s.112). Əriş sözü “parçanın
əsası” mənasında Qədim Türk Lüğətində arus/aris şəklində (7, s.53-58).
B.B. Radlovun türk ləhcələri sözlüyündə ariş şəklində qeydə alınmışdır.
(8, 772), E. B. Sevortyan eriş/arış sözünün toxuculuq dəzgahında şaquli iplər
mənasını ifadə etdiyini göstərir (9, s.294). Əriş sözünün arı –təmiz sözündən
yarandığı şübhəsizdir, çünki əriş üçün hazırlanan ip cod olmamalı, arınmış,
təmiz və möhkəm ipdən hazırlanmalıdır.
M. Abdullayeva əriş sözünü haqlı olaraq “çoxlu sayda təmiz, seçilmiş ip”
anlamında izah edir. Müasir dilimizdə işlənən milli xörək adı olan əriştə sözünün
də əriş sözündən törəyib. Semantikasında topluluq, çoxluq (uzununa kəsilmiş
xəmir) anlayışı vardır (4, s. 113).
Arğac- xalça toxumada arğac üçün iki
ip nəzərdə tutulur, Birinin qalınlığı ərişlə eyni, ikincisi isə nisbətən nazik
ip olmalıdır. Arğac sözü də ümumtürk sözü olub türk dillərinin hamısında
müxtəlif fonetik variantlarda işlənir. Bu söz Qədim Türk Lüğətində arqaY
şəklində göstərilmişdir (7, s.54). M.Abdullayeva arğac sözünün eyni anlamda
Türkmən dilinin yamut dialektində “içeqeçiriq” şəklində işləndiyini
(içərisindən nə isə keçən) qeyd edir. Arğac sözünün inkişafının əlqaç / alqaç /
arğac /arğac şəklində olduğunu güman edir
(4, s.115).
Bükdərmə- bu termin bük və dər
feillərinin birləşməsindən yaranmışdır. Burada dərmək sözü dilimizdəki dərmək,
yığmaq sözüdür. Bu söz M.Qaşqarlının lüğətində “tərmək” şəklində qeydə
alınmışdır. Bükdərmə əyrilmiş bir neçə ipi qatlayıb, büküb burmaq, yığmaq
deməkdir. M.Abdullayeva yazır ki, əgər iki ip əyrilmiş ipdirsə, onda ikəmlənib
(iki ipin birləşdirilməsi) bükdərilir, üç əyrilmiş ipdirsə, o zaman üçəmlənib
(üç ipin birləşdirilməsi) bükdərilir (4, s.35).
Kirkişləmə-
M.Kaşğarlı bu
sözü “kirkişlamak”- “qazıyıb təmizləmək” mənasında işlətmişdir ki, bu da ipin
hamarlanıb nazikləşdirilməsidir. Sözün kökü kirtiş//kirtizdir ki, bu da alət
adıdır (10, s.36).
Kirgit-
xalçada
arğacları ərişlər arasında oturdan alətdir. Kirgit ən ilkin xalçaçılıq aləti
olub, heyvan buynuzundan düzəldilirmiş. Kirgitdən əsasən, xovsuz xalçaların
kilim növündə istifadə edilirmiş. Onun bir neçə dişi olur (iki-üç). Kirgit
qədim xalçaçılıq aləti olduğundan kirgit sözü də qədim türk leksik qatına daxil
olan sözlərdən hesab edilir. Azərbaycan dilinin izahlı lüğətində bu sözdən
yaranmış kirgitləmək, kirgitləmə sözləri qeydə alınmışdır (11,s.72). M.
Abdullayevanın fikrincə, kirgit iki sözün –kir və get sözlərinin birləşməsi
olub, icra etdiyi funksiya ilə əlaqədar adlandırılıb. Yəni, alətin dişləri
iplərin arasına girib çıxır. Bu söz nə vaxtsa iki köklü mürəkkəb isim olub.
Müasir mərhələdə sadə söz kimi işlənir (4,s.41-42). Fikrimizcə, kir sözünün
qır/qırtla bağlılığı daha inandırıcıdır.
Sap- omonim söz olub dilimizdə
pambıq liflərindən, ipək tellərindən, yaxud süni liflərdən nazik eşilmiş ip
anlamındadır (12, s. 36). Məsələn, qalın sap, ipək sap və s. Dilimizdə
saplamaq, saplı, saplıca (sapılca) kimi sözlərinin kökü olan sap ismi isə
“dəstək” mənası, yəni hansısa bir alətin sapı mənasında işlənir. Məsələn,
bıçağın sapı, baltanın sapı və s. Bu söz digər
türk dillərində də sap/sab şəklində özünü göstərir. M. Qaşqarlının
lüğətində bu sözə sab şəklində rast gəlmək olar: Hera jitik бiчак эрса, öз
сабiн јанумас (M.K., Ic., s.366) (mənası: bıçaq nə qədər iti olsa, öz
sapın yonmaz). Qədim Türk Lüğətində də bu söz dəstək mənası ilə əks olunmuşdur
(7,s.485). Göründüyü kimi, fars kökənli “dəstə” sözü dilimizə sonralar daxil
olmuşdur.
Qayçı. Bu sözün türk kökənli olması
qətiyyən şübhə doğurmur. Qayçı sözü türk dillərinin əksəriyyətində müxtəlif
fonetik variantlarda işlədilir. Qırğız, tatar, özbək dillərində kayçı, türkmən
dilində qayçı, qumıq dilində kyayçı, qaraqalpaq dilində kayşı, çuvaş dilində
xaça, tuva dilində xaçı, qaraçay-balkar dilində kıptı şəklində işlədilir (4,
s.43). Maraqlıdır ki, M.Qaşqarlı
qayçı sözünü kiftu şəklində qeydə almışdır. Kiftu -makaş, kırkı, I, 416;
kiftulamak- sındı ilə kırkmak, kırpmak,
III,352.http://www.turansam.org/kitaplar/KasgarliMahmut DivaniLugatitTurk.pdf).
Qayçı
sözü Azərbaycan dilinin dialekt və şivələrində qayçı, qeyçi və qəyçi fonetik
variantlarında işlənir. Sözün qeyçi variantı Culfa, Ordubad, Şəki, Göyçay,
Salyan, Bakı, Sumqayıt, Quba, Qusar, Dəvəçi, Şamaxı, İsmayıllı və Ağsu
bölgələrində qeydə alınmışdır (13, s.29).
Heç şübhəsiz ki, qayçı sözünün çuvaş və tuva dillərindəki xaça, xaçı
variantları q-x əvəzlənməsi və y səsinin düşməsi nəticəsində baş vermişdir.
Lakin sözün qədim formasının qaraçay-balkar dilində saxlanıldığını güman etmək
olar. Kıptı - p/f və ı/i əvəzlənməsi ilə M.Qaşqarlının qeydə aldığı kiftu sözü
ilə eyniyyət təşkil edir. Kıptı/kiftu sözünün kırk, kırp kökündən yarandığını
güman etmək olar. Hazırda qayçı şəklində sabitləşmiş sözün tərkibindəki –çı
qalığının t/ç əvəzlənməsi nəticəsində baş verdiyini söyləmək olar.
Bıçaq. Xalçaçılıq sənətində
qarmaqlı bıçağın üç növünə rast gəlirik: Toxuma bıçağı, sökmə bıçağı və dəstəyi
ölçülü bıçaq (4, s.42). Adından
bilindiyi kimi, dəstəyi ölçülü bıçağın dəstəyində ölçü olur, bu da xalçadakı
sıxlığı və gülləri ölçmək üçündür. Bıçaq sözü əksər türk dillərində cüzi
fonetik dəyişmə ilə işlənir. Türk, qırğız dillərində bıçak, türkmən, tatar
dillərində pıçak, qumıq dilində biçak, özbək dilində piçək, Azərbaycan dilində
bıçaq formalarında işlənməkdədir. Bu söz qədim türk lüğəti (7, s.398) və M.Qaşqarlının lüğətində (M.K., I c., s. 366), biçek şəklində
qeydə alınmışdır. İbn Mühənnanın lüğətində bu sözlə əlaqədar “bıçak- bildiyimiz
kəsmə aləti; bıçakçı- bıçaq yapan, bıçgas- bəhsə girmək, bıçık-kəsilmiş”
sözləri qeydə alınmışdır (15, s.21). Bıçaq
sözü heç şübhəsiz ki, biçmək feilinin kökü ilə bağlıdır. Türk dillərinin
etimoloji lüğətində bıçaq sözünün kökü biç/bıç (резать) şəklində qeyd
edilmişdir. (16,s.159). Qeyd edək ki, şivələrimizdə mişar mənasında
işlədilən bıçqı (Biləsuvar, Qazax) (17, s.53) bışqı (Cəbrayıl) (17, s. 54)
sözlərinin kökü biç feili ilə bağlıdır. K.Quliyeva bıçaq sözünün Dərbənd
dialektində və tat dilində çaqqu şəklində işləndiyini və sözün kökünün
çak/çax-la («бить, ударять») bağlı olduğunu güman edir. (18, 18-19).
Çaqqu
sözünün
kökünü çapmaq feili ilə də bağlamaq mümkündür. Lakin bıçaq sözündəki çax/çaq
hissəsinin güzgü üsulu ilə yaranması daha inandırıcı görünür. Q.Kazımov
yazır: «N.A. Andreyev kimi, A.S. Melniçuk da söz köklərini ikisamitli
hesab etmiş və araşdırmalarını bu prinsip əsasında qurmuşdur. O, dil faktlarını
aldığı təəssürat əsasında praformaların müəyyənləşdirilməsi üçün samitlərin
metatezasının rolunu xüsusi nəzərə almağı lazım bilmişdir.(türk dillərində:
piç-“kəsmək”, çap-“biçmək, qurmaq” kimi). Müəllif A.S.Melniçukun fikrinə
istinad edərək yazır ki, struktur xüsusiyyətlər bütün dünya dillərində təkrar
olunan etimoloji komplekslərin öyrənilməsində böyük rola malikdir və bu söz
qruplarındakı mürəkkəb, özünəməxsus, həm də izomorf xüsusiyyətlər heç bir başqa
səbəblə deyil, yalnız başlanğıcdan bütün dünya dillərinin qəti və şübhəsiz
qohumluğunu nəzərə almaq əsasında aydınlaşdırıla bilər» (19, s.32).
Xalça
- düzəltmə isimdir. Bu söz xalı (sözün kökü)
sözündən düzəldilmişdir. Dilimizdə xalı
kimi işlənən sözə türk xalqlarının
dilində xali, qali və yaxud da qalı formasında rast gəlinir.
Böyük xovlu xalçalar Ərəb əlifbalı türk ədəbiyyatında "qalı" kimi
yazılmış, müəyyən zaman ərzində "xalı" formasını almışdır. Qalı sözü
qalmaq sözü ilə də səsləşir ki, bu da xovlu xalçalara xas olan uzunömürlülük,
davamlılıq mənasını ifadə edir. Bu gün də indiki İran ərazisində böyük xovlu
xalçaları "qali" adlandırırlar. Azərbaycanda (Muğan, Qarabağ
bölgəsində, Gəncə və Qazax rayonlarında), həmçinin Türkiyənin bir sıra bölgələrində
uzunsov böyük xovlu xalçaları gəbə
(gəvə, qaba, qebe, kebe, kepe) adlandırırlar. “Kitabi-Dədə Qorqud”
dastanlarında xalça sözünə müxtəlif formalarda rast gəlirik: Toqsan yerdə
ala qalu-ipək döşəmişdi; Ala sayvan gög yüzinə aşanmışdı. Bin yerdə ipək
xalıcası döşənmişdi; Bazirganlar gəldi deyü babası sevindi. Çətir otağ, ala
sayvan dikdirdi. İpək xalıcalar saldı . (6, s. 37, 52, 54). Xalı
sözü Qafqaz regionunda yaşayan bir sıra xalqların (osetin, qaraçay-balkar,
çeçen, lak, ləzgi) dilində ip mənasında işlədilir . (4,s.48). “Kitabi-Dədə
Qorqud” dastanlarında xalça sözü xalicə şəklində qeyd edilmişdir: “Bin yerdə
ipək xalicəsi döşənmiş idi”. Xalı sözünün
bəzi türk dillərində işlənmə formaları bu şəkildədir: 1.xalı
(Azərbaycan) 2. kilem (Qazax) 3. kilem (Qırğız) 4. keləm (Tatar) 5. halı (Türk)
6. xalı (Türkmən) 7. giləm (Uyğur) 8. qilam (Özbək); Kitabi-Dədə Qorqud
dastanlarında toxuculuqla bağlı qara keçə, cübbə, sicim, sapan, qaftan, çuval,
gecəlik kimi terminlərə də rast gəlirik:
- Bayındur xanın yigitləri Dirsə xanı qarşuladılar. Gətürüb qara
otağa qondurdılar. Qara keçə altına döşədilər; - Bən varıcaq gəlübəni
qarşuladılar, qara keçə altına döşədilər, qara qoyun yaxnısından önümə
gətürdilər; -Çigin quşlu cübbə don gergil bu oğlana, geyər olsun, hünərlidir; -Ağ əllərin ardına bağladılar, qıl sicim ağ
boynına taqdılar; - Çobanın üç yaşar dana dərisindən sapanının ayasıydı; üç
keçi tüyündən sapanın qollarıydı. -Bir keçi tüyündən çatlağucıydı; -Ayıtdılar:
Necə səxt olmayalum? Sən qızıl qaftan geyərsən, biz ağ qaftan geyəriz!”-
dedilər; -Beyrək aydır: Ağanızın başı və
gözi sədəqəsi, köhnə qaftanımız var isə geyəyin, dügünə varayın. Dügündə əlümə
qaftan verür, gerü qaftanınuz verəyim”-dedi; -Əgnimüzdən qaftanımız alduğı yoq,
Başımızdan gecəligümüz aldığı yoq; -Bir əski dəvə çuvalı buldı, dəldi, boynına
keçürdi; -Alar sabah sapa yerdə
dikiləndə ağ-ban evli, Atlasla yapılanda gög sayvanlu; -Qara donlu dərvişlərə
nəzir verdim; -Qırq evli qulla qırq
cariyə oğlı başına çevirdi, azad eylədi, Cılasun ərənlərə qara ölkə verdi,
cübbə-çuqa verdi (6, s.24, 25, 28, 34,47, 61, 69, 70, 70, 71, 86, 94);
Cübbə
sözü
dastanların dilində iki mənada işlənmişdir: 1. qolsuz və ətəkləri qısa geyim 2.
minik atına geydirilən dar fəracə,
bürüncək. Dialektoloji lüğətdə bu söz
qeydə alınmamışdır. Çənbərək şivələrində “qısaboylu” anlamında cübbərə sözü
göstərilmişdir (17, s.82).
Ədəbiyyat
Buniyatov
T. Azerbaydjan-strana drevnoqo kovrodeliya. Mejdunarodnıy simpozium vostoçnıx kovrov., “Elm”, 1983
F.Ağasıoğlu.
Pazırıq xalısı. (Qarabağın sehirli bir basırıq xalısı), Bakı, 2012)
L.Kerimov
İskusstvo kovrodeliya. Mejdunarodnıy simpozium po iskusstvu vostoçnıx kovrov., Baku, 1983
M.Ə.
Abdullayeva. Azərbaycan dilində xalçaçılıq leksikası, Bakı, 1998
O.Həbibullayev
Kültəpə arxeoloji qazıntılarının ilk nəticələri. Azərbaycan tarixinə dair
materiallar. Azərbaycan tarixi muzeyinin əsərləri, II c., Bakı, 1957
Kitabi-Dədə
Qorqud, “Öndər nəşriyyat”, Bakı, 2004
DTS, L.,
1969
B.B.
Radlov. Opıt slovarya tyurksix nareçiy, 1t., 1 ç., 1983
E.B.
Sevortyan. Etimoloqiçeskiy slovar tyurkskix yazıkov., M., 1974
Azərbaycan dilinin izahlı lüğəti, III c.,
Bakı, 1983
Azərbaycan dilinin izahlı lüğəti, IV cild
Azərbaycan
dilinin dialektoloji atlası, Bakı, 1990
İbnü-Müenna
lüğati, (Apdulla Battal), İstanbul Devlat Matbaası, 1934
E.B. Sevortyan. Etimoloqiçeskiy slovar
tyurkskix yazıkov. Moskva, 1978 (na bukvu “B”)
Azərbaycan dilinin dialektoloji lüğəti, Bakı,
2007
Kulieva K. Drevnetyurkskiy leksiçeskiy plast
Kubinsko- Derbentskoqo dialekta Azerbaydjanskoqo yazıka, Baku, 2007
Kazımov Q. Azərbaycan dilinin tarixi, Bakı, 2003
Hiç yorum yok:
Yorum Gönder