14 Şubat 2016 Pazar

Mən deyirəm, sən də de..

Narahatlıq: Son illər istər mətbuatda, istər radio- televiziyada, istər internetdə, habelə, rəsmi sənədlərdə və digər sahələrdə dilin orfoepik və orfoqrafik qaydalarının pozulması halları daha çox müşahidə olunmaqdadır. Əlbəttə, bu, hər bir ziyalını, hər bir azərbaycanlını narahat edir. 

Görünür məsələ o qədər ciddi şəkil alıb ki, bunun üçün ayrıca Dövlət Proqramı müəyyən edilib. Aşağıda sizə təqdim etdiyim sənədlə tanış olduqdan sonra məndə belə qənaət yarandı ki, qədimdən- qədim, zəngin və şirin dilimizin qorunması üçün heç də dövlət qurumları təkbaşına bir iş görə bilməzlər. 

Hərə öz sahəsində xalqımızın milli varlığının təcəssümü olan müqəddəs dilimizi yad ünsürlərdən, təhriflərdən, lazımsız termin və ifadələrdən qorumaq üçün əlindən gələni etməlidir. 

Haşiyə: "Nəsimi" filmində Əmir Teymurun basqını zamanı onun hüzuruna getmək istəyən Şirvanşah İbrahim xəzinəsinin boşaldığını görüb məyus olur. Lakin son anda ona xalqa arxalanmağı tövsiyə edir, "Şirvan eli bizi darda qoymaz"- deyirlər. 

Bəli, dilimiz, sözlərimiz əcdadlarımızdan bizə qalmış varidatımızdır. Yeganə sərvətimizdir ki, başqa xalqlar onu bizdən almaq istəmir. Amma onun məhv olmasını istəyənlər çoxdur.Yaxşı, bəs görəsən dilimizi nə sayaq qorumalıyıq, kim daha çox bu işdə yardımçı ola bilər? 

Şəxsi fikir: Düşünürəm ki, hər bir valideyn öz uşağına kiçik yaşlarından düzgün danışmağı necə öyrədirsə, iradlarını bildirirsə, bunu böyüyən balalarına yorulmadan, həvəslə,səbrlə bir daha təkrar etməlidir. 
Hər bir gənc düz danışmağa, yazmağa meylli olmalıdır. Çoxminli tələbə ordumuz bu işdə daha çox kömək edə bilər. Bunu ona görə deyirəm ki, gənclərimiz həm cəsarətli, həm də diqqətlidirlər.

Sosial şəbəkələrdə fəallıq göstərən müxtəlif peşə sahibləri demək olar ki, bu şərəfli işdə flaqman ola bilərlər. Yeri gəlmişkən bildirim ki, son bir ildə sosial şəbəkə vasitəsilə fikir bölüşən insanlar daha düzgün, qısa və tutarlı yazmağa cəhd edirlər. Yaşından, ictimai mənşəyindən, vəzifəsindən asılı olmayaraq hamı başa düşür ki, onun şəxsiyyəti, xarakteri, bir sözlə varlığı onun yazısında görünür. Qüsurlu yazı, aydın olmayan ifadə, üslub zəifliyi onu yazan adamın naqisliyindən, savadsızlığından, biganəliyindən xəbər verir. 

Son yüz ildə ədəbi dilimizin formalaşmasında və inkişafında böyük rol oynamış, gecəsini gündüzünə qatan fədakar qəzet işçiləri, hörmətli televiziya əməkdaşları, bu işdə əsl nümunə göstərməlidir. 
İnformasiya bazarının sahibkarına çevirilmiş sayt rəhbərləri yaxşı bilir ki, bu məsələdə ictimai maraq şəxsi marağı üstələyir. Dilimizin qorunması, inkişafı yönündə onların gördükləri iş hələ ki görəcəkləri işdən azdır. Bu istiqamətdə heç bir KİV onlar qədər təbliğat aparıb, onlar qədər problemin həllinə yardımçı ola bilməz. Etiraf edək ki, müasir dövrdə "ən bərkgedən" KİV elə internetdir. 
Nəhayət: Dilin qorunması- milli heysiyyatı, düşüncəsi, milli qeyrəti olan hər bir kəsin şərəf işidir. Hər bir kəsin vicdanının ölçüsü dilə olan münasibəti qədərdir.
Mənbə: https://www.facebook.com/TikanliqdaSerqiDeyenler/posts/341017449405765


Bu gün Azər­bay­can dilinin milli dövlətçiliyin başlıca rəmzlərindən olaraq istifadəsi və əsaslı tədqiqi,…
PRESİDENT.AZ

Hiç yorum yok:

Yorum Gönder