14 Şubat 2016 Pazar

Dilçi alim ATV-ni tənqid etdi - Monitorinq

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu Azərbaycan dilinin zamanın tələblərinə uyğun işlədilməsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının tələblərinə uyğun olaraq yanvar-aprel aylarında aparılmış monitorinqlərin nəticələrini açıqlayıb.
Publika.az xəbər verir ki, monitorinqlər ölkənin 6 televiziya kanalının – İctimai, ANS, Azad Azərbaycan, Space, Lider və Xəzər televiziyalarının xəbər və xəbərdən törəmə proqramlarının dili ilə bağlı keçirilib.
İnstitutun aparıcı elmi işçisi, televiziyaların monitorinqi üzrə qrupun rəhbəri Şahlar Məmmədlinin açıqlamasına görə, statistik təhlillər əsasında televiziyaların dili üzərində aparılmış monitorinq zamanı ümumilikdə 400-dən artıq norma pozuntusu aşkarlanıb və dil səviyyəsi üzrə 145 nümunə tədqiqata cəlb edilib. Onlardan 74-ü leksik - üslubi, 29-u fonetik, 41-i isə qrammatik normaya aid dil qüsurudur.

Ş.Məmmədlinin sözlərinə görə, araşdırma zamanı 20% fonetik, 24% leksik, 27% üslubi, 22% morfoloji və 7% qrammatik norma pozuntusu məlum olub:
“Faktlar göstərir ki, aparıcıların nitqində üslub səhvləri daha çoxdur. Ədəbi dil normasının pozulma hallarını əks etdirən dil faktlarından 15%-i İctimai TV-də, 14%-i ATV-də, 15%-i ANS TV-də, 18% Xəzər TV-də, 17%-i Space TV-də, 21%-i isə Lider TV-də müşahidə edilib”.

Ş.Məmmədli bildirib ki, fonetik normaların tələblərinə ən çox İctimai TV, ən az ATV riayət edib. Leksik-üslubi normalar ən çox ATV və ANS TV-də gözlənilib. Qrammatik normanın pozulma halları isə ən çox Xəzər TV-də olub.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev bildirib ki, televiziyaların dilində ən böyük problem alınma sözlərlə bağlıdır. "Bəzi sözlərin Azərbaycan dilində qarşılığı olsa da, daha çox alınma sözlərə üstünlük verilir. Məsələn, dilimizdə "razılaşma" sözü olsa da, "konsersium" sözü işlədilir. Daha yaxşı olardı ki, heç olmasa, həmin sözlə yanaşı öz sözümüz də işlənsin ki, insanlar sözün mənasını anlaya bilsinlər”. O həmçinin qeyd edib ki, radioların dili televiziyaların dilindən daha yaxşıdır.
T. Hacıyevin sözlərinə görə, mətbuatın dilində hələ də ciddi qüsurlar olsa da, monitorinqlərin aparılması ilə bu kimi halların nisbətən azalması müşahidə olunur.
http://baymedia.az/news.php
17.04.2015

Hiç yorum yok:

Yorum Gönder