14 Şubat 2016 Pazar

Yazıçılar və dilçilər “y” islahatından danışdılar – Sorğu

Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibəyli bu yaxınlarda “Diqqət: Orfoqrafiyada iki “y” – dan biri” adlı məqalə ilə çıxış edib.
O, məqalədə qoşa “y” samiti ilə yazılan sözlərdən bir “y” hərfinin atılmasını təklif edib. Akademik bu islahatın Azərbaycan dilini sadələşdirilməyə xidmət edəcəyini bildirib: “Azərbaycan orfoqrafiyasında qoşa “y” samiti ilə olan sözlərin yazılışına yenidən baxmağa, bu sahədə müəyyən islahatların aparılmasına ehtiyac yaranmışdır. Müşahidələr göstərir ki, Azərbaycan dilində qoşa “y” samiti ilə olan sözlərin mütləq əksəriyyəti -iyyat//-iyyət şəkilçisi ilə düzələn alınma sözlərdən ibarətdir. Bu şəkilçilərlə ifadə olunan sözlərin funksiyalarına ilk dəfə akademik Ağamusa Axundov elmi şəkildə münasibət bildirmiş, həmin sözlərin təsnifatını aparmışdır. Əvvəla, etiraf etmək lazımdır ki, ərəb dilinə məxsus -iyyat//-iyyət şəkilçisi ilə düzəlib ictimai-siyasi, habelə mədəni-məişət anlayışlarını ifadə edən bu sözlər dilimizi yeni ictimai məna çalarları ilə zənginləşdirmişdir. Məsələn, ictimaiyyət, hakimiyyət, cəmiyyət, ümumiyyət, müvəffəqiyyət, mənəviyyat, bəşəriyyət, ədəbiyyat və sair kimi sözlərin Azərbaycan dilində özünəməxsus xüsusi çəkisi mövcuddur. Bununla yanaşı, artıq bu qəbildən olan sözlərin müəyyən hissəsi başqa sinonim sözlərlə əvəz edildiyinə görə arxaikləşmişdir. Məsələn, sövtiyyat, vəhsaniyyət, qövmuyyət, məhcubiyyət, həqqaniyyət, məzuriyyat, tipli sözlər dildə işləkliyini tamamilə itirmişdir. Qoşa y ilə yazılan belə sözlərin böyük bir hissəsi isə hazırda da ədəbi dildə öz işləkliyini qoruyub saxlamışdır. Bundan başqa, iki yanaşı y hərfi ilə yazılan sözlərdən ümumxalq danışıq dilinə daxil olanlar da az deyildir: qabiliyyət, qalibiyyət, ezamiyyət, vəsiyyət, qətiyyət, əziyyət, əhəmiyyət, ziddiyyət, mədəniyyət, xasiyyət, şəxsiyyət, nailiyyət və s”.
İsa Həbibəylinin təklifinə münasibət öyrənmək üçün yazıçılara və dilçilərə müraciət etdik. Cavabları olduğu kimi təqdim edirik:


zelimxanyaqub
Zəlimxan Yaqub:
İsa Həbibəylinin bu fikirləri ilə tanış deyiləm. Yazını oxumamışam deyə heç nə deyə bilməyəcəm. Mən anamın dilində yazıram. Kökümdən gələn dillə şeirlər yazıram. Ona görə bu məsələlərə çox da qarışmıram. Bunu alimlərimiz müzakirə edib, qərar versinlər.


 10407487_779171758820785_7771004060682133692_n
Səhər Əhməd:
“Əlbəttə, belə bir dəyişikliyə ehtiyac var. Bəzi sözlər bir “y” hərfi ilə, bəziləri isə iki “y” ilə yazılır. Eləcə də orfoepiyada deyiliş qaydası da iki cürdü. Bu da öz növbəsində çətinlik və ağırlıq yaradır. Alınma sözləri öz orfoqrafiyamıza və artikulyasiyamıza görə dəyişə bilərik. Düşünürəm ki, İsa Həbibəylinin təklifini müsbət qiymətləndirməliyik.


Qoşa “y” səsi işlənən sözlərin tək “y” hərfi ilə yazılması məsələsi bir neçə il bundan qabaq da səsləndirilib. Mən də bu fikirdəyəm. Hətta bizim bəzi alimlərimiz öz kitablarında qoşa “y” ilə işlədilən sözləri tək “y” ilə yazırlar. Təxminən 3 ay qabaq akademik Tofiq Hacıyev də bu məsələni yeni Orfoqrafiya qaydalarından danışarkən dilə gətirdi. İsa müəllimin də bu fikirdə olması və məsələ ilə bağlı sanballı məqalə ilə çxış etməsi ərəb mənşəli sözlərdə qoşa “y” hərfindən birinin silinməsini zəruri edir. Təbii ki, bu məsələdə mübahisəli məqamlar da var. Söhbət təkcə qoşa “y” ilə yazılan və bir “y” səsi ilə tələffüz edilən sözlərdən getmir. Ümumi fikir belədir ki, qoşa “y” ilə yazılan və tək “y” səsi ilə tələffüz edilən sözlərə bu qaydanı asanlıqla tətbiq etmək olur. Ancaq başqa bir sual yaranır. Bəs qoşa “y” ilə yazılıb qoşa “y” səsi ilə tələffüz edilən sözlərə bu qayda şamil ediləcəkmi? Bundan başqa, şəxs adlarında işlədilən qoşa “y” hərfi hansı prinsiplə yazılmalıdır? Məsələn, Teyyub, Əyyub, Təyyar və s. Hesab edirəm ki, şəxs adları istisna olmaqla, dilimizdə işlədilən ərəb mənşəli qoşa “y” ilə işlədilən sözləri tələffüzündən asılı olmayaraq tək “y” hərfi ilə yazmalıyıq ki, çətinliklər aradan qalxsın. İstisna yalnız şəxs adlarına şamil edilsə, daha məqsədəuyğun olar. Biz bu məsələdə fonetik prinsipə əsaslanmalıyıq. Əks halda təklif edilən qoşa “y” hərfli sözlərlə bağlı problem tamamilə aradan qalxmayacaq. Ədəbiyyat, mədəniyyət, zehniyyət sövtiyyət və s. Söhbət qoşa tələffüz edilən “y” səsli sözlərdən gedir. Hər halda bu məsələlər də nəzərə alınmalıdır. Fikrimcə, ehtiyac yarandığı təqdirdə qoşa “y” ilə yazılan sözlərə öz dilimzdə qarşılıq tapmaq haqqında da düşünməliyik ki, bu problem kökündən həllini tapsın.



sheirfagayar
Şərif Ağayar:
Mən İsa Həbibəylinin fikri ilə razıyam. Necə danışırıqsa, elə də yazmalıyıq. İllah da ki, bu yazılış qrammatikada ciddi problemlər yaratmırsa. Ona qalsa Abdulla adlı adam yoxdur. Bunun doğru yazılışı Əbdül Üllahdır. Yəni Allahın qulu deməkdir. Biz başqa dilə hörmətdən daha çox öz dilimizin ahəng qanununa hörmət etməliyik. Apastrofla bağlı da eyni məsələ idi. Dilimizdən apastrofu atdıq. Gördünüz ki, heç nə dəyişmədi. Biz apastrofla danışmırıq və yazmırıq. Amma elə sözlər var ki, qoşa samitin biri atılarsa məna dəyişir. Bunlar nəzərə alınmalıdır.



ekberqoshali
Əkbər Qoşalı:
Sözügedən təklifə olduqca olumlu yanaşıram. Daha öncələr də ayrı-ayrı səviyyələrdə bənzəri təkliflər səsləndirilib. Dilimizin saflaşdırılması, dilimizdə olan alınma sözlərin istifadə qaydaları ilə bağlı zaman-zaman geniş müzakirələr aparılıb. Bu addımı da yeni bir açılım kimi qiymətləndirirəm. Yalnız qoşa “y” samiti ilə bağlı deyil, yeni sözlərin də istifadə qaydası ilə bağlı bu cür müzakirələr keçirilməlidir. Özü də bu təkcə akademik səviyyədə deyil, yazıçılar, şairlərin də iştirakı ilə aparılmalıdır. Dildən aktiv istifadə edən zümrənin arasında dinləmələr, müzakirələr keçirilərək bir nəticəyə gəlinməlidir. Bu məsələdə alimlər qədər şairlərimizin, yazıçılarımızın da münasibət bildirməyə haqqı vardır. Qardaş Türkiyədə də bu təcrübə var. Məsələn, Cumhuriyyət deyil Cumhuriyət yazırlar. Başqa qoşa “y” samiti ilə yazılan sözlərdə də ixtisarlar aparıblar. Yəni bu məqbul hesab ediləcək bir təklifdir və ümid edirəm ki, qəbul olunacaq. Əlbəttə, bu təklif qəbul olunsa, müəyyən adaptasiya problemləri ortaya çıxacaq. Ancaq bu çətinliklərdən qorxmamaq lazımdır. Komputer sözünün yazılışı ilə də bu cür problemlər yarandı. Gələcəyə baxmaq lazımdır. Çətinliyi çözməyə çalışmalıyıq. Düşünürəm ki, zaman hər şeyi yoluna qoyacaq.

Hiç yorum yok:

Yorum Gönder