14 Şubat 2016 Pazar

Bu gün “Cəbiş müəllim” kimi insanları cəmiyyət qəbul eləmir


“Əvvəllər təhsildəki çatışmazlıqlar, nöqsanlar çox vaxt ört-basdır edilirdi. Bu gün vəziyyət xeyli dəyişib. Problemləri gizlətmək olmur- şagird də, müəllim də, valideyn də yeni texnologiyaların köməyi ilə öz düşüncələrini ifadə edirlər. Bu, o deməkdir ki, təhsildəki çatışmazlıqları da,uğurı da hamımız görürük! İki övladım ayrı-ayrı orta məktəblərdə oxuyur və orada təhsilin hansı səviyyədə olmasından mənim də xəbərim var. Bu gün orta məktəblərimizin verdiyi “pulsuz” təhsilə güvənən varmı? Məncə, bir problem də budur!”. BayMediaya müsahibəsində belə deyən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşı Şahlar Göytürk bildirdi ki, Təhsil Nazirliyi və digər qurumlar illər boyu üst-üstə yığılmış problemdən çıxış yolu axtarırlar: “Məzunlarımızın bütün fənlər üzrə bilik səviyyəsinin 25 faizdən 50 faizə qədər dəyişdiyini açıqlayırlar. Belə hesab edirlər ki, vahid imtahan modelinin tətbiqi üçün məzunların fənlər üzrə bilik səviyyəsinin, azı 50-75 faiz arasında olması lazımdır. Doğurdanmı, məzunların bütün fənlər üzrə bilik səviyyəsi 25 faizdən yuxarıdır? Bilik səviyyəsinin bu gedişatla 75 faizə çatacağına heç cür inana bilmərəm. Açıq demək lazımdır ki, bu gün Azərbaycan müəllimini “yeniliklər” az düşündürür. Bu gün müəllimlik peşəsini hansı abituryentlərimiz seçir? Çarəsizlikdən, yoxsa şüurlu surətdə? Nə üçün yüksək nəticə göstərən abituryentlərimiz müəllimlik ixtisasını seçmək istəmirlər? Bu problemi abituryentin seçim azadlığı kimi düşünmək kökündən yanlışdır”. Onun sözlərinə görə, cəmiyyətdə “şorla yağın qiyməti” eyni olanda belə problemlər yaranır: “Axı müəllim dərsdə evin qayğıları haqqında düşünməməlidir.
Axı bütün müəllimlər repititorluqla məşğul olmurlar.. Hamı nə istedadlı, nə zəhmətkeş, nə də “işgüzar” deyil. Təhsil də vicdan məsələsidir, hər bir müəllim öz “bacarığını” ortaya qoyur, layiqli olanlar da var, olmayanlar da!
Ortada nəticə olmasa da, insan kapitalının formalaşması üçün müzakirələr, fikir mübadiləsi aparılır. Hiss olunur ki, bu məsələlər doğurdan da yuxarıda oturanları narahat etməyə başlayıb.
Mənə elə gəlir ki, problemləri mərhələli şəkildə həll etmək lazımdır. Məsələn, 2020-ci ilədək tətbiq ediləcək yeniliklərdən biri də 12 illik ümumi təhsil sisteminə keçidlə bağlıdır. Bu, o deməkdir ki, çox yaxın gələcəkdə bununla əlaqədar təhsil proqramları, dərsliklər dəyişdiriləcək, bütövlükdə çağdaş təhsilin tələbləri tamam başqa olacaq. Müəllimlər üçün diferensial əmək haqqı və mükafatlandırma sistemi nə vaxt hazır olacaq?
Doğrudur, ucqar kənd məktəblərində, dağ rayonlarında pedaqoji kadrların təminatı ilə bağlı müəyyən addımlar atılıb”. Şahlar Göytürk əlavə etdi ki, bu gün “Cəbiş müəllim” kimi insanları, dövrlə ayaqlaşa bilməyənləri cəmiyyət qəbul eləmir: “Bu, əslində təhsilin, düşüncənin aqoniyasıdır. Bu gün müəllimin, alimin, həkimin nə qədər maaş aldığını keç kim soruşmur, insanlarda “əlavə daş-baş olurmu?” sualı, daha doğrusu düşüncəsi hakimdir. Əmək haqqının ödənilməsində bərabətçilik prinsipindən tezliklə xilas olmalıyıq. Bunun mexanizmləri müəyyənləşdirilməli və tətbiq edilməlidir. Bu cür yeniliklərlə təhsil ocaqlarımızı bəzi “işgüzarlar”ların əlindən xilas etmək olar. “Asan xidmət”lərə, banklara, bəzi dövlət idarələrinə gedəndə adamın könlü açılır: təmənnasızlıq, şəffaflıq, gənc kadrlar! Ölkənin hər yerində, ən ucqar kəndlərimizdə belə məktəblərimiz əsaslı təmir olunur, yeni göz oxşayan məktəblər tikilir, ən müasir avadanlıqlarla təhciz olunur, ancaq bu məktəblərə layiq nə qədər müəllimlərimiz var!?
Qəbul imtahanlarında 150-200 bal yığan tələbələr özəl ali məktəblərə üz tutduqları kimi, bəzən bacarıqsız müəllimlərimiz də müəyyən yollarla “səssiz” məktəblərə, xüsusən də peşə liseylərinə öz talelərini bağlayırlar.. Biz nə vaxt bacarıqsız kadrlardan azad olacağıq?
Müəllim yeniliyə meylli olmalıdır. O, hər gün öz üzərində çalışmalıdır, biliyini artırmalı, düşüncə tərzini, iş üsulunu müasir tələblərə kökləməlidir. Bunlar təhsildəki problemlərin kiçik bir hissəsidir…”.

Hiç yorum yok:

Yorum Gönder