14 Şubat 2016 Pazar

Dil normaları ilə bağlı narahatlıqları necə aradan qaldıraq?


AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Teleaparıcılar üçün ikihəftəlik treninqlərin yekunu"na həsr olunmuş dəyirmi masa keçirildi. Tədbiri giriş sözü ilə açan institutun direktoru, akademik Tofiq Hacıyev “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” ilə bağlı görülən işlərdən söhbət açdı.  Direktorun sözlərinə görə, dövlət proqramının tərkib hissəsi olan bu təlimlərə  xəbər aparıcılarından başlanması televiziyaların ilkin informasiya mənbəyi olması səbəbindən qaynaqlanır.  Dilin informativ, estetik, ideoloji funksiyalarının daha çox KİV-də özünü göstərdiyini vurğulayan akademik aparıcılarla bu tip məşğələlərin, təlimlərin  keçirilməsinə böyük ehtiyac olduğunu qeyd etdi: “Aparılan treninqlər KİV-lə Dilçilik İnstitutu arasında əlaqələrin möhkəmlənməsinə də xidmət edir”.  Sertifikat alan teleaparıcılar üçün mənəvi üstünlüklər var Təlim prosesindən danışan akademikin fikrincə, keçirilən ilkin təlimlər qaneedici olub, prosesdən həm Dilçilik İnstitutu, həm Milli Televiziya və Radio Şurası (MTRŞ), həm də telekanal əməkdaşları razı qalıblar: “12 mövzuda məşğələ keçirildi. Eşitdiyimə görə, bu məşğələlərdə dinləyici tərəf olan jurnalistlər, aparıcılar da bizim əməkdaşların işindən razı qalıb, elə bizimkilər də onlardan razılıq edirlər. Məşğələ prosesində öyrətmək və öyrənmək qarşılıqlı olub. Əməkdaşlarımız öyrətməklə yanaşı öyrəniblər ki, televiziyada nələri etmək daha məqsədəuyğun olar ki, ədəbi dil normalarının pozuntusu azalsın.  Biz bu məşğələlərin iştirakçısı olan jurnalistlərimizin zəhmətini, məsuliyyətini nəzərə alıb, gələcəkdə digər telekanal əməkdaşların da bu proseslərə cəlb etmək, həvəsləndirmək üçün fəal təlim alanlara sertifikat təqdim etməyə qərar verdik. Bu sənədin mənəvi üstünlükləri də var. Təlimlərdə məsuliyyətlə iştirak edənlərə sertifikat təqdim edilir ki, bu da onlara müəyyən səlahiyyətlər verir. Telekanal rəhbərləri gələcəkdə bu teleaparıcıların təlim iştirakçısı olduğunu nəzərə alıb dillə bağlı onları daha işlək sahələrə yönəldə bilər”.  Məqsəd dövlət dilinin qorunmasına xidmətdir  Milli Teleradio Şurasının nümayəndəsi Həyat Şamıyeva çıxışında treninqdə iştirakçılarına öz tövsiyələrini çatdırdı. Arzu etdi ki, jurnalistlər təlimlərdən öyrəndiklərindən maksimum yararlansınlar və öz təcrübələrini bölüşsünlər: “Efir məkanı elə bir yerdir ki, orada baş verən nöqsanlara laqeyd qalmaq olmur. Şuramıza daxil olan çoxsaylı müraciətlər də bunu bir daha təsdiq edir.  Digər tərəfdən, efirdə baş verənlər göz qabağındadır. Xəbər aparıcılarımızdan xüsusi məsuliyyət tələb olunur, onların informasiyası çox geniş olmalıdır. Unutmamalıyıq ki, bu treninqlər dövlət dilinin qorunması məqsədilə keçirilir” Həyat Şamıyeva telekanallarda efir vaxtı baş verən nöqsanları da sadaladı: “Bəzən xəbər aparıcısı bir ölkənin inzibati bölgəsi ilə digər bir ölkənin adını səhv salır. ATV telekanalının kurasiyası mənim ixtiyarımda olduğu üçün belə halı bu telekanaldan çox müşahidə etmişəm. Canlı yayımda olan aparıcılar hadisələrə özlərinin baxış bucağından yanaşmaqla şərhlər verirlər, şou aparıcılar ictimai əhəmiyyət kəsb etməyən mövzuları bəzən müzakirəyə çıxarırlar, bütün bunlar da  tamaşaçı üçün vaxt itkisi və qıcıq yaradır.  Çox təəssüf ki, efirlərin kommersiyalaşması prosesi getməkdədir. Doğrudur, özəl telekanallar reklamla yaşayır. Amma bəzən bir saata düşən reklam blokunun 12 dəqiqədən artıq olması ilə rastlaşırıq. “Televiziya və radio yayımı haqqında” qanunun 35.4-cü maddəsində yazılıb ki, 15 dəqiqdən tez olmayaraq verilişlər reklamla kəsilə bilməz. Bir saatın 20 dəqiqəsi bəzən reklamlara sərf edilir. Elə verilişlər olur ki, tamamilə teleticarət xarakterlidir ki, bu da yolverilməzdir”.  Sentyabrdan yeni təlimlərə başlanır Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli treninqlərdə teleaparıcılara ədəbi normalar sistemi, şifahi və yazılı nitq normaları, vurğu, ifadəli oxu və sair kimi mövzuların izahlarının verildiyi  barədə danışdı. Bildirdi ki, təlim proqramları telekanallarda aparılan  monitorinqlərin  əsasında hazırlanıb və bu işin praktiki yerinə yetirilməsinə əhəmiyyətli təsir göstərib: “Təlimdəki müəllimlərlə tələbələr arasında polemikalar, geniş müzakirələr prosesi maraqlı və yaddaqalan edib. Mühazirə xarakterli çıxışları tələbələrimiz sıxıntı ilə qarşıladıqları üçün proqramlarımızda dərhal istisna hal olaraq dəyişiklər etdik. Biz iştirakçılara anketlər təqdim etmişik ki, gələcəkdə bu treninqlər təşkil olunanda iştirakçıların oradakı arzu, təklif və tövsiyələrini gələcəkdə nəzərə alaq. Sentyabr ayından növbəti təlimlərin başlanmasını nəzərdə tutmuşuq”.  İnstitutun monitorinq şöbəsinin aparıcı elmi işçisi Şahlar Məmmədovla söhbət etdik. Bildirdi ki, iki həftə ərazində 18 saat davam edən bu təlimlərdə aparıcı və diktorların öyrədilməsi ilə yanaşı, onların psixoloji vəziyyəti də nəzərdən keçirilib ki, gələcək təlimlərdə təkmilləşmə aparılsın: “Onların daha çox hansı mövzuları müzakirəyə ehtiyac duyduqlarını, yol verilən qüsurların, təcrübəsizliyin səbəblərini araşdırdıq. Bütün bunlar müzakirə ediləcək ki, payizda başlanacaq təlimlər daha təkmil formada proqramlaşdırılsın”.  Hal şəkilçisi ilə ədatı ayıra bilməyən aparıcı  Şahlar Məmmədov treninq zamanı aşkarlanan problemlərdən də danışdı: “İstərdik ki, təlimlər daha çox praktik səviyyədə olsun. Çünki dil daha çox praktik şəkildə mənimsənməlidir.  Açıq deməliyik ki, aparıcılarımız dilə daha çox nəzəri yanaşırlar, onların nəzəri biliklərinin dilimizə tətbiqində çətinlikləri var.  Elə aparıcı  var, yalnız nitqə fikir verir, amma yazı təcrübəsi çox aşağı səviyyədədir. Hətta “da” “də” ədatını yerlik hal şəkilçisindən ayıra bilməyənlər də var.  Biz Qulu Məhərrəmlinin rəhbərliyi ilə şöbəmizdə müzakirələr aparırıq. Aparıcıların şifahi və yazılı nitqində zəif nöqtələrin harada olmasını  və bunu necə aradan qaldırmağın yollarını müəyyənləşdiririk. İlk tədbirimiz olsa da, bu təlimlər uğurlu alındı. Gələcəkdə istərdik ki, bu təlimlərdə aparıcı ilə yanaşı, həmin verilişlərin redaktorları da iştirak etsinlər. Çünki bəzən redaktorun səhvini aparıcı birbaşa efirdə düzəltməli olur”.  Dil normaları ilə bağlı  narahatlıqları necə aradan qaldıraq?  Dilçi alim dedi ki, son vaxtlar telekanal rəhbərlərinin dilə həssaslığı çox artıb: “Artıq televiziyalardan da təkliflər alırıq. Region TV-dən təklif almışıq ki, onlarda mütəxəssislərimiz təlim keçsin. Başqa telekanallar daxil olmaqla 20-dən çox əməkdaş bizim təlimlərə qoşulmaq üçün müraciətlər edib. Dil proseslərinə birbaşa təsir edən tərəf kimi televiziyalardan daha çox umacaqlarınmız var.  Əlbəttə, dil prosesləri tək teleşirkətlərdən asılı deyil. Telekanal rəhbəri də istəyər ki, dövlət dilimiz yüksək səviyyədə qorunsun. Bu məsələdə Milli Televiziya və Radio Şurasının maraqlı tərəf kimi çıxış etməsi, telekanal rəhbərlərinin maraq göstərməsi bizi çox sevindirir. Dilimizin inkişafında hər 3 tərəfin maraqlı olması hesab edirəm ki, treninqlərimizi davamlı və uğurlu  edəcək”.    Sonda təlimdə iştirak edən aparıcı və diktorlar da iki həftəlik treninqlərdən razı qaldıqlarını bildirdilər və onların daha fəallarına sertifikatlar verildi. Qeyd edək ki, treninqlərdə ATV, “Xəzər”, “Region” TV, ANS, “Lider” və “Space” telekanallarının aparıcı və diktorları iştirak edib. Treninqlərdə Dilçilik İnstitutunun alimləri teleaparıcılara müxtəlif mövzularda  mühazirələr oxuyublar.  Sevil HİLALQIZI 



Hiç yorum yok:

Yorum Gönder