14 Şubat 2016 Pazar

Milli mənəvi dəyərlərə gedən yol dildən başlanır

Humanitar sahə ölkənin mənəvi gəlir gətirən sahəsi olduğu üçün bu sahəyə gələn gənc tədqiqatçıların məsuliyyəti, mənəvi öhdəliyi daha çoxdur. 

Hansısa bir sahəni yaxşı bilmək hələ dövlətinə, cəmiyyətinə, hətta elmə töhfə vermək anlamına gəlmir. Dövlətçilik, vətənsevərlik keyfiyyətləri tədqiqatçının yaradıcılıq potensialı ilə vəhdət təşkil etməlidir. Sovet dövründə dilçiliyi tarix elmindən ayırmağa, dili birtərəfli şəkildə filoloji sahə kimi təqdim etməyə çalışıblar.  Lakin müstəqillik şüuru  bizə aşıladı ki, millətin tarixini onun dilindən ayırmaq olmaz, onu paralel və qarşılıqlı şəkildə öyrənmək, tədqiq və təbliğ etmək lazımdır. 

Dilçilik elmi ilə məşğul olmaq üçün mütləq öz tariximizi, ədəbiyyatımızı, bir sözlə milli-mənəvi irsimizi yaxşı bilməliyik, ölkədə və dünyada gedən dil proseslərindən xəbərdar olmalıyıq. Ölkə başçısının 23 may 2012-ci il tarixli məlum sərəncamında dilimizlə bağlı çox vacib məsələlər öz əksini tapıb. Həmin sərəncamda qloballaşma şəraitində dil siyasəti,  qarşıda duran vəzifələr və s. çox aydın şəkildə göstərilib. Bunlar bizə elmi araşdırmaların istiqamətini müəyyən etməyə əsas verir.
          Şərq və Qərb dillərini bilmədən tədqiqatçının ciddi uğur əldə etməsi çox çətindir. Çünki dilçiliklə bağlı tərcümə olunan elmi əsərlərin sayı çox azdır. Bu istiqamətdə  məqsədyönlü işlər aparılmalı, ən vacib elmi əsərlər dilimizə tərcümə olunmalıdır. Lakin əlavə dil bimək bu cür problemləri aradan qaldırır; beynəlxalq konfranslarda iştirak etməyə, xarici jurnallarda çap olunmağa birbaşa stimul yaradır. Bundan başqa, dilimizin lüğət tərkibinin müəyyən hissəsini alınma mənşəli sözlər təşkil edir.  Deməli, əlavə dil bilmək elə öz dilimizi mükəmməl bilmək deməkdir.

Gəlin Azərbaycan dilində danışaq

          Əlbəttə, biz millət olaraq min illər boyu elə öz dilimizdə - Azərbaycan türkcəsində danışmışıq. Öz dilimizdə danışmaq ənənəsi olmasaydı, bu qədər mənəvi irsimiz mövcud olmazdı, anadilli yazılı ədəbiyyat  yaranmazdı, yarım min il öncə dilimiz dövlət dili səviyyəsinə yüksəlməzdi, bugünkü diplomatiya dilimiz də  başqa dil olardı. Demək, bütün bunlar dilin tarix boyu mövcudluğu, dominantlığı deməkdir. Gerçəkdən zəngin mədəniyyətimiz, mənəvi irsimiz var. Əcdadlarımız dilimizi yaşatmaqla, qorumaqla, bu dildə əsərlər yazmaqla yanaşı, ərəb və farsdilli ədəbiyyatın yaranmasına misilsiz töhfələr verib. Söhbət o dövr üçün hansısa dilin dominantlığından getmir. Məgər bu gün başqa dildə ədəbiyyat nümunələri yaradılmırmı?! Dili qoruyub saxlayan xalqdır, ədiblərdir, dil daşıyıcılarıdır. Azərbaycan dili tarixin ən ağır sınaqlarından üzüağ çıxıb, istilalar, miqrasiyalar, məkrli siyasətlər bu dilin qarşısında duruş gətirə bilməyib. Bunun üçün əcdadlarımıza minnətdar olmalıyıq.  Lakin yad dildə danışmaq, təhsil almaq meylini danmaq olmaz.
          Bəzən bunu mentalitet anlayışına bağlamağa çalışırlar. Hesab edirəm ki, yanlış yanaşmadır:
                                                 Dilim-dilim,
                                                 Kəs qovun dilim-dilim,
                                                 Mən dilimnən vaz keçməm, 
                                                 Olursam dilim-dilim.
          Yüzlərlə, minlərlə dil sevgisinə köklənmiş belə bayatılarımız, ata sözlərimiz var ikən nədən yad dildə danışmaq meylini bütövlükdə millətə aid edək?
Dil - öz millətini sevən, onun milli-mənəvi dəyərlərini uca tutanlar üçün təkcə ünsiyyət vasitəsi deyil, həm də mənəvi əxlaq, ulu əcdadlarının ruhuna sayğı məsələsidir.
          Azərbaycanda yad dildə danışmaq ənənəsi yoxdur, yad dildən asılılıq kompleksi var,  kortəbii, bəzən də məqsədli şəkildə dil normalarını pozmaq,  rus dilində danışma halları vardır. Söhbət rus dilindən gedir. Səbəb müxtəlifdir:

1. Azərbaycançılıq şüurunun zəif olması. 2. Dil siyasətinin mahiyyətini yetərincə anlamamaq. 3. Rusiya ilə əlaqələrin olması və rusdilli məktəblərin mövcudluğu.
5. Elitar  ailə mühiti. 6. Etnik dil mənzərəsi və kənar təsirlər.  6. Rus dilinin hələlik elm dili kimi Azərbaycan dilindən üstün olması. 7. Dilimizlə bağlı inzibati resursların mövcud olmaması və ya işlək mexanizmə çevrilməməsi və s.  Göründüyü kimi, ölkəmizdə  daha çox məişət səviyyəsində rus dilində danışmanın həm obyektiv, həm də subyektiv səbəbi vardır.  Rus dilini bilmək çox yaxşıdır, lakin həmin dilin özü ilə bərabər gətirdiyi düşüncə tərzi dilimizə, milli-mənəvi dəyərlərimizə qarşı inkarçılıq mövqeyi yaratmamalıdır. Öz dilimizi öyrənmədən başqa dilləri öyrənməyin heç bir dəyəri, mənası  yoxdur. Düşünürəm ki, dövlətçiliyimiz gücləndikcə, azərbaycançılıq-türklük məfkurəsi genişləndikcə, yeni nəsil formalaşdıqca, dilimizlə bağlı sərəncamlardan irəli gələn məsələlər mərhələ-mərhələ həllini tapdıqca, dilimizə göstərilən  qayğı öz bəhrəsini verəcək və sadaladığım bəzi problemlər də öz həllini tapacaqdır. Ciddi problemlər daha çox Sovet dövründə formalaşmış yalnış nəzəriyyələrin təsiri altında olan bəzi alimlərimizlə bağlıdır. Bəzi «çox dil bilən alimlərimiz» təəssüf ki, «Urmu» və  «Altay nəzəriyyəsi»nin mahiyyətini anlamadan, dilimiz, tariximiz və etnogenezlə bağlı vaxtilə formalaşdırılmış saxta fikirlərin təsiri altında  dilimizin kökündə irandilli «Azəri dili»nin  durduğunu, bu dilin vaxtilə ölü dilə və XI-XIII əsrlərdən sonra türk dilinə çevrildiyini yazır, daha doğrusu düşmənlərimizin yazdıqlarını gənclərimizə aşılamağa çalışırlar. Buna səbəb dilimizin adının dünyada «Azəri dili» kimi tanınması ilə əlaqələndirilir. Halbuki hələ keçən əsrin ortalarında mərhum böyük dilçi alimimiz  Ə.Dəmirçizadə  oğuz və qıpçaq tayfalarının sonuncu dəfə bu coğrafiyaya qayıdışını və  dilimizə təsirini «ünsür» hesab edib, ədəbi dilimizin inkişaf tempinin sürətlənməsinə təkan verdiyini qeyd edib. Məncə, dil və tarix elmi bir medalın iki üzüdür, vahid konsepsiya olmalı, hər iki sahədə (tarix və dil) aparılan tədqiqatlar bir-birini tamamlamalıdır...

İctimai iaşə obyektlərinin adları milli dilimizdə olmalıdır

           «Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında» cənab Prezidentin sərəncamında bu məsələlər də öz əksini tapmışdır. Bu məsələlərlə bağlı Dilçilik İnstitutunda Monitorinq şöbəsi yaradılıb. Medianın dili, reklam, şirkət, restoran və s. adlarının düzgün yazılışı və öz dilimizin normalarına uyğun şəkildə adlandırılması məsələsi və sərəncamdan irəli gələn digər məsələlər sözügedən şöbənin həyata keçirəcəyi plan işlərinə daxildir.   
          Brend adlar bütün dünyada mövcuddur, bu mənada ifrat mühafizəkarlıq çıxış yolu deyil. Lakin əhali üçün mənası aydın olmayan, dil normalarını kobud şəkildə, insafsızcasına pozan, milli dəyərlərimizə zidd olan adlar kifayət qədərdir. Həmin adlar həm çağdaş dil mühitimizi çirkləndirir, həm də yazıya əlifbamızda olmayan hərflərin gəlməsinə səbəb olur. Bir sözlə, bu sahədə vəziyyət çox acınacaqlıdır. Məsələn, ucqar dağ rayonlarında, illərlə əcnəbilərin ayağı dəyməyən bir yerdə dükan adlarının ingilis dilində olmasının anlamı nədir? Çox acınacaqlı faktdır, deyilmi? Bu vaxta qədər nəzarətsizliyin «töhfələr»indən biri də bu sahə olub. Kortəbilik, «mərkəzdənqaçma» meyillər ucqar bölgələrə də sirayət edib. Ona görə də bu istiqamətdə aparılan monitorinqlərin ciddi nəticə verəcəyini düşünürəm. Azərbaycan dili hər birimizin qürur mənbəyimizdir. Bu dili qorumaq təkcə dilçilərin işi deyil, bütövlükdə hər bir azərbaycanlının müqəddəs vətəndaşlıq borcudur.

Hiç yorum yok:

Yorum Gönder